Cover Image Cover Image

Korporativ idarəetmə

Korporativ idarəetmə sistemi şirkətlər üçün strateji məqsədlərə çatmaqda həlledici rol oynayan əsas amillərdən birinə çevrilir. Bu yanaşma yalnız biznes məqsədlərinə deyil, həm də sosial məsuliyyət, ekoloji davamlılıq və şəffaflıq kimi dəyərlərin qorunmasına xidmət edir.

AZCON olaraq məqsədimiz dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün dövlət müəssisələrinin səmərəli idarə olunmasını təmin etməklə uzunmüddətli dəyər yaratmaq, idarəetmədə şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan dayanıqlı inkişaf modeli formalaşdırmaqdır. Korporativ idarəetməyə sistemli və vahid yanaşmamız dövlət müəssisələrinin daha effektiv və milli inkişaf prioritetlərinə uyğun fəaliyyət göstərməsinə şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 yanvar tarixli 286 nömrəli Fərmanı ilə təsdiq edilmiş AZCON-un Nizamnaməsi əsasında formalaşdırılmış hüquqi və institusional çərçivə Holdinqin strukturuna daxil olan dövlət müəssisələrinin qarşılaşdığı əsas çağırışların həllinə sistemli və məqsədyönlü dəstək göstərməyə imkan verir.

AZCON-un əsas korporativ idarəetmə prioritetləri

icon

Dövlət müəssisələrinin inkişaf etdirilməsi və fəaliyyətinə nəzarətin təmin olunması:

  • Dövlət müəssisələrinin milli prioritetlərə uyğun fəaliyyət göstərməsi və idarə olunması, o cümlədən qarşılıqlı sinerji imkanlarının yaradılması;
  • Dövlət müəssisələrinin fəaliyyətinə nəzarət və dayanıqlı inkişaf;
  • Dövlət müəssisələri arasında resurs və vəsaitlərin bölüşdürülməsi.
icon

Vahid idarəetmə prinsiplərinin tətbiqi:

  • Effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi;
  • İdarəetmə orqanları üçün təşviq mexanizmlərinin hazırlanması;
  • Daxili nəzarət mexanizmlərinin və auditlərin həyata keçirilməsi.
icon

İnsan resurslarının idarəedilməsi:

  • Dövlət müəssisələrində kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi;
  • Kompetensiya mərkəzlərinin yaradılması.
icon

Tərəfdaşlıqlar və maliyyələşdirmə:

  • Birgə müəssisələrin təsis edilməsi və tərəfdaşlıqların qurulması;
  • Dövlət müəssisəsi və Holdinq səviyyəsində xarici maliyyələşdirmənin cəlb edilməsi.
icon

Dövlət müəssisələrini özəlləşdirməyə hazır vəziyyətə gətirmək:

  • Potensial investorlar üçün şəffaf və cəlbedici mühitin formalaşdırılması;
  • Hüquqi və institusional çərçivənin özəlləşdirmə tələblərinə uyğunlaşdırılması.

AZCON-un inkişaf və maliyyə prioritetləri

icon

İnkişafa fokus

AZCON-un əsas strategiyası idarəetməsində olan dövlət müəssisələrinin uzunmüddətli inkişafını təmin etməkdir. Bu yanaşma milli iqtisadiyyatın hədəflərinə uyğun investisiya və inkişaf planlarının həyata keçirilməsini də özündə ehtiva edir.

icon

Gəlirliliyə fokus

Eyni zamanda AZCON dövlət müəssisələrinin maliyyə gəlirliliyinin davamlı xarakter daşımasını təmin etmək üçün müvafiq sektor və bazar tələblərinə uyğun kommersiya strategiyalarını həyata keçirir. Bu, həm daxili resursların səmərəli istifadəsi, həm də yeni bazarlara çıxış imkanlarının artırılması ilə müşayiət olunur.

icon

İdarəetmədə davamlılıq və hesabatlılıq

AZCON-un fəaliyyətində şəffaflıq, hesabatlılıq və etik davranış əsas prinsiplər kimi qəbul olunur. Holdinqin korporativ idarəetmə modeli müşahidə şuraları və icra orqanları arasında qarşılıqlı effektiv əlaqəni təmin etməklə qərarların çevik və strateji əsasda qəbul olunmasına şərait yaradır.

AZCON-un formalaşdırdığı korporativ idarəetmə modeli dövlət müəssisələrinin səmərəli və məsuliyyətli idarə olunmasını təmin etməklə yanaşı, uzunmüddətli milli iqtisadi dəyərin artırılmasına və dayanıqlı inkişafın təmininə yönəlmişdir.

AZCON-da risklərin idarəedilməsi

AZCON-un fəaliyyətində risklərin idarəedilməsi xüsusi əhəmiyyətə malikdir.  Holdinqin təşkilati risklərin idarəedilməsi çərçivəsi və siyasəti beynəlxalq ən yaxşı təcrübələrə və standartlara əsaslanaraq bütün növ risklərin idarəedilməsində vahid, strukturlu, proaktiv və ardıcıl yanaşmaları təmin edir. Holdinqdə risklərin effektiv idarəedilməsinin əsas məqsədi qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq etmək, qeyri-müəyyənliklərə qarşı dayanıqlığı təmin etmək, maraqlı tərəflərin etimadını artırmaq və məlumata əsaslanan qərarverməni təşviq edərək uzunmüddətli dəyər yaratmaqdan ibarətdir. Təşkilati risklərin idarəedilməsi çərçivə və siyasətimizin mərkəzində əsas olaraq bu prinsiplər dayanır:

Vahid strategiyaya uyğunluq

Risklərin qiymətləndirilmə nəticələri strategiya və qərarvermənin bütün mərhələlərində nəzərə alınır.

Sağlam risk mədəniyyəti

Risklərin idarəedilməsi üzrə vəzifə öhdəliklərinin aydın başa düşüldüyü və risklərin idarəedilməsinə hər əməkdaşın töhfə verdiyi sağlam mühit təşviq olunur.

Proaktiv olmaq

Qabaqcıl metodologiya, alət və texnologiyalardan istifadə etməklə risklər vaxtında müəyyən olunur, qiymətləndirilir, müvafiq cavab strategiyaları hazırlanır və mütəmadi monitorinq olunur.

Dayanıqlılıq

Neqativ və gözlənilməz hadisələrə qarşı dözümlü olmaq, əməliyyatları ən qısa zamanda bərpa etmək və dəyişən şərtlərə uyğunlaşmaq qabiliyyəti artırılır. Böhran vəziyyətlərini idarə etmək və onlara adekvat cavab verə bilmək üçün sistemli yanaşmalar tətbiq edilir, böhran vəziyyətində kritik əməliyyatların davam etdirilməsi üçün hərtərəfli planlar işlənib hazırlanır.

Kommunikasiya və şəffaflıq

Məlumat əsaslı effektiv qərar verə bilmək üçün bütün potensial risklər  vaxtında, tam və şəffaf şəkildə müəssisənin müvafiq əlaqəli tərəfləri ilə kommunikasiya edilir.

İnteqrativ və mərkəzləşdirilmiş risk idarəetməsi

Risklərin idarəedilməsi modeli bütün müəssisə və proseslər üzrə vahid yanaşma ilə qurulur. Müəssisə üzrə bütün funksiyalar risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəedilməsi mərhələlərini eyni metod və çərçivəyə əsaslanaraq icra edir. Risklərin idarəedilməsinin təşkili mərkəzləşdirilmiş idarəetmə modelinə əsaslanır. Bu model təşkilati risklərin idarəedilməsi funksiyasının çərçivə, siyasət, standart və metodlar hazırlayaraq müəssisənin bütün səviyyələrində risklərin idarəedilməsi prosesinin vahid şəkildə aparılmasını təmin edir.