icon Bütün xəbərlər

AZCON Holding 2026-cı ilin ilk yarımilində əldə olunan telekommunikasiya göstəricilərini açıqlayıb

Paylaş
img

AZCON Holding 2026-cı ilin ilk 6 ayında telekommunikasiya sektorunda əldə olunan göstəricilərini açıqlayıb.

Rəqəmsallaşma

Hesabat dövründə elektron hökumət istiqamətində müsbət dinamika müşahidə olunub. “Hökumət buludu”na (G-cloud) miqrasiya olunan dövlət qurumlarının sayı 147-yə çatıb, Data Mərkəzi xidmətlərindən istifadə edən özəl qurumların sayı isə 140-a yüksəlib. Beləliklə, “bulud” xidmətlərindən istifadə edən qurumların ümumi sayı 287 olub. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində dövlət idarəçiliyində “bulud” əsaslı həllərin tətbiqi və vahid milli data mərkəzləri şəbəkəsinin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə “Hökumət buludu”nun genişləndirilməsi məqsədilə 2026-cı ildə əsas və ehtiyat olmaqla iki yeni Data Mərkəzinin tikintisinə başlanılıb.

SİMA Rəqəmsal Həllər Platforması vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 139-a, “SİMA İmza” mobil tətbiqinin endirilmə sayı isə 7 milyona çatıb.

“Nvidia GPU (Qrafik Proses Modulu)” çiplərindən istifadə edilməklə Azərbaycanda yaradılmış ilk Superkompüter Mərkəzində süni intellekt və innovativ layihələrin həyata keçirilməsi üçün 6 qurum fəaliyyətə başlayıb. 

Şəbəkə infrastrukturu

“GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə)” şəbəkəsinin genişləndirilməsi nəticəsində ilk yarımil ərzində 86 minə yaxın yeni abunəçi (ev təsərrüfatı və biznes subyekti) yüksəksürətli internetlə təmin olunub, 17 alternativ magistral kabel üzrə ümumilikdə 130 km tikinti işi yekunlaşdırılıb.

Mobil infrastrukturun genişləndirilməsi məqsədilə 330 baza stansiyası modernləşdirilib, 36 yeni baza stansiyası istifadəyə verilib. Bununla da mobil baza stansiyalarının ümumi sayı 3,900-ü ötüb.

Hesabat dövründə Azərbaycana məxsus telekommunikasiya peykləri vasitəsilə 30-dan çox ölkə üzrə ümumilikdə 90 şirkətə telekommunikasiya xidmətləri göstərilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə şəbəkə infrastrukturu

Cari ilin ilk yarımili ərzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 3,367 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) telekommunikasiya xidmətləri ilə təmin edilib, ümumi uzunluğu təxminən 1,000 km olan 25 magistral fiber-optik xəttin tikintisi başa çatdırılıb. Bununla yanaşı, ilk yarımil ərzində mobil rabitə xidmətlərinin təmini məqsədilə 15 yeni baza stansiyası istifadəyə verilib, 1 radio-televiziya yayım şəbəkəsi stansiyasının fəaliyyəti bərpa edilib, mövcud stansiyaların dayanıqlığı və xidmət keyfiyyəti artırılıb.

Beləliklə, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə fiber-optik internet şəbəkəsinə qoşulmuş abunəçi sayı 10,495-ə, mobil baza stansiyalarının sayı 214-ə, fəaliyyətdə olan radio-televiziya stansiyalarının sayı isə 12-yə çatıb.

Sosial layihələr

AZCON Holding-in telekommunikasiya şirkətləri tərəfindən təhsil, gənclərin inkişafı, qadınlara dəstək xidmətləri, uşaqların müdafiəsi, idman və mədəni irs təşəbbüslərinə investisiyalar davam etdirilib, rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirici sessiyalar, innovasiya müsabiqələri, tələbə təcrübə və təqaüd proqramları həyata keçirilib. 

Beləliklə, 2026-cı ilin ilk yarımilində telekommunikasiya üzrə əldə olunan nəticələr rabitə və rəqəmsal xidmətlərin gücləndirilməsinə və səmərəliliyinin artırılmasına, ümumilikdə isə telekommunikasiya sektorunun dayanıqlı inkişafına töhfə verib.

img