AZCON Holding Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
AZCON Holding 22 İyul – Milli Mətbuat Günü münasibətilə media rəhbərləri və jurnalistlərlə görüş təşkil edib.
Tədbirdə çıxış edən AZCON Holding-in icraçı direktoru Şahin Babayev media nümayəndələrini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edərək, onların cəmiyyətin obyektiv və operativ məlumatlandırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.
Şahin Babayev bildirib ki, görüşün məqsədi təkcə Milli Mətbuat Gününü qeyd etmək deyil, həm də AZCON Holding-lə media arasında əməkdaşlığın gələcək istiqamətləri üzrə açıq fikir mübadiləsi aparmaqdır.
İcraçı direktor qeyd edib ki, müasir dövrdə media cəmiyyət, dövlət və biznes arasında etibarlı körpü rolunu oynayır. Operativ, dəqiq və obyektiv informasiya ictimai etimadın formalaşmasına, şəffaflığın təmin olunmasına və sağlam ictimai dialoqun inkişafına mühüm töhfə verir.
Çıxış zamanı vurğulanıb ki, AZCON Holding-in fəaliyyət göstərdiyi nəqliyyat, rabitə, poçt, rəqəmsal xidmətlər və digər strateji sahələr hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir göstərir. Bu istiqamətlərdə həyata keçirilən layihələrin cəmiyyətə düzgün və dolğun çatdırılmasında medianın rolu xüsusi əhəmiyyət daşıyır.
Şahin Babayev bildirib ki, AZCON Holding media ilə münasibətlərdə qarşılıqlı etimad, açıq ünsiyyət və operativ informasiya mübadiləsini əsas prinsiplər hesab edir. Onun sözlərinə görə, bu cür görüşlər media ilə əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı gözləntilərin daha yaxşı anlaşılmasına və yeni əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
Tədbir media nümayəndələrinin sualları ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.