Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edən ölkələrdən biri olub
“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin yayımladığı “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” (Government AI Readiness Index 2025) hesabatına əsasən, Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə mühüm irəliləyiş əldə edib. Ölkəmiz bir il ərzində 111-ci yerdən 70-ci yerə yüksəlib. Beləliklə, Azərbaycan 2025-ci ildə sürətli irəliləyişə nail olaraq illik müqayisədə ən böyük artım qeydə alınan ölkələrdən biridir.
Hesabata əsasən, Azərbaycanın ümumi balı 48,96 təşkil edib ki, bu da Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 39,92 olub. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib.
Bu nəticə Azərbaycanın dövlət idarəçiliyində rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı istiqamətində atdığı ardıcıl addımların göstəricisidir.
Qeyd edək ki, bu kontekstdə AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, insan kapitalının inkişafı və milli Süni İntellekt (Sİ) platformalarının formalaşdırılması istiqamətində görülən işlər ölkənin süni intellekt üzrə institusional potensialının möhkəmlənməsinə töhfə verir.