Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb
Dünya Bankının “Business Ready – B-READY 2025” hesabatının hazırlanma metodologiyası ölkələrin inkişafını 10 mühüm mövzu üzrə 3 istiqamətdə maksimal 33,33 balla qiymətləndirir. Həmin mövzulardan biri də kommunal xidmətlərlə bağlıdır.
Ölkəmizin 31,05 balla 101 ölkə arasında 5-ci yerdə qərarlaşdığı “Əməliyyat effektivliyi” istiqaməti aşağıdakı 3 faktor üzrə qiymətləndirilib:
Əlçatanlıq – ərazidə fəaliyyət göstərən internet provayderinin biznes müştəriləri üçün təqdim etdiyi internet xidmətlərinin əlçatanlığı, qiymət uyğunluğu və keyfiyyəti, müxtəlif internet xidmətlərinin ayrılıqda və ya paket şəklində təklif edilməsi.
Texniki xidmət – texniki xidmət tezliyi, sorğudan sonra yeni müştərinin aktivləşmə müddəti, elektrik kəsintiləri istisna olmaqla il ərzində internet kəsintiləri və ya sürət zəifləmələrinin başvermə aralığı və ümumiyyətlə etibarlılığı.
Maliyyə uyğunluğu – həmçinin sözügedən göstəricilərin təsərrüfatlar üçün maliyyə baxımından əlverişli olması.
Bu göstəricilərdə ölkəmizin yüksək nəticə göstərməsi son illər həyata keçirilən sistemli və məqsədyönlü islahatların nəticəsidir.
Xatırladaq ki, 2021 – 2025-ci illəri əhatə edən və AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin əsas operatorlarından biri kimi çıxış etdiyi “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində ölkə üzrə telekommunikasiya infrastrukturunun yenilənməsi və dayanıqlı internet xidmətlərinin genişləndirilməsi sözügedən göstəriciyə birbaşa təsir edib.