Azərkosmos və ABŞ Səfirliyi arasında kosmik sahədə mümkün əməkdaşlığa dair görüş keçirilib
AZCON Holding şirkətlərindən olan Azərkosmosun rəhbər heyəti ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon arasında görüş keçirilib.
Görüş zamanı ABŞ və Azərbaycan arasında kosmik sahədə mövcud və perspektiv əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər arasında Azərkosmosun ABŞ-nin aparıcı kosmik şirkəti olan “SpaceX” ilə mövcud tərəfdaşlığı və bu əməkdaşlığın gələcək peyk layihələrində davam etdirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda ABŞ hökuməti ilə Azərkosmos arasında birgə tədbirlər və kommersiya layihələrinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin tərəflər arasında elm və təhsil, bilik və bacarıqların mübadiləsi sahəsində fikir mübadiləsi aparılıb. Xüsusilə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın proqramları üzrə və ABŞ-nin innovasiya və inkubasiya mərkəzləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.