“Aztelekom”un tərkibində Qarabağ Regional Filialı yaradılıb
Ölkə üzrə xidmətlərinin daha çevik və effektiv təşkili məqsədilə AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC öz təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib. Dəyişikliklər idarəetmənin optimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılması və infrastrukturun səmərəli idarə olunması məqsədi daşıyır.
Belə ki, yenidən təşkilatlanma çərçivəsində Qarabağ Regional Filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.
Bundan əlavə, digər struktur dəyişiklikləri də olub:
- Goranboy, Yevlax və Mingəçevir şöbələri Aran Regional Filialının tərkibinə daxil edilib;
- Qəbələ şöbəsi Şimal-Qərb Regional Filialı ilə birləşdirilib;
- Abşeron Telekommunikasiya Qovşağı isə Abşeron Rabitə Xidmətləri Mərkəzi (RXM) kimi fəaliyyət göstərəcək.
Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 Regional Filial və 7 Rabitə Xidmətləri Mərkəzi olmaqla ümumilikdə 15 vahiddən ibarətdir. Bu struktur modelləşməsi bölgələr üzrə idarəetmənin çevikliyini artırmaqla yanaşı, müştəriyönümlü xidmətlərin daha operativ şəkildə göstərilməsinə imkan yaradır.
“Aztelekom” MMC qarşıdakı dövrdə də fəaliyyətini effektivlik, keyfiyyət və innovasiyaya əsaslanaraq davam etdirmək niyyətindədir.