icon Bütün xəbərlər

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisində rekord nəticə qeydə alınıb

Paylaş
img

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100,000 TEU səviyyəsinə çatıb.

Bu nailiyyət Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanı ilə Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahid nəqliyyat idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir.

Dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb. Bu ilin sentyabrında Bakı Limanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgə işlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limanda əməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinin davamlı artmasına dəstək verir. Görülən işlərin nəticəsi olaraq limanın yükaşırmalarında rekord göstərici əldə olunub.