icon Bütün xəbərlər

Bakı Gəmiqayırma Zavodunda 780 TEU tutumlu konteyner gəmilərinin kilqoyma mərasimi keçirilib

Paylaş
img

AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması münasibətilə kilqoyma mərasimi keçirilib. Gəmiqayırma prosesinin əsas mərhələlərindən biri hesab olunan bu mərasim gəminin konstruktiv yığım işlərinin rəsmi başlanğıcını ifadə edir.

Layihə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir. Aparıcı liman və logistika operatorlarından olan “AD Ports Group” ilə əməkdaşlıq çərçivəsində inşa olunan bu gəmilər regionun əsas ticarət mərkəzləri arasında əlaqələrin gücləndirilməsinə, eləcə də regional dəniz nəqliyyatı və logistika əməkdaşlığının inkişafına xidmət edəcək. 

2028-ci ilədək təhvil verilməsi nəzərdə tutulan bu gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq.

Bildirək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 14 gəmi tikinti layihəsini uğurla həyata keçirib və 170-dən çox gəminin təmirini icra edib. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.

Qeyd edək ki, ötən ay AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə də imzalanıb. Bu müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək. Beləliklə, beynəlxalq sifarişlər əsasında inşa ediləcək gəmilərin sayı 4-ə çatıb.

img
img
img
img
img