“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda qurumun cari fəaliyyətinə dair geniş hesabat təqdim olunub, həyata keçirilən layihələrin icra vəziyyəti və qarşıdakı dövr üzrə planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda metro infrastrukturunun inkişafı, sərnişinlər üçün göstərilən xidmətlərin təkmilləşdirilməsi, istismar proseslərinin optimallaşdırılması və təhlükəsizlik tədbirlərinin davamlı olaraq gücləndirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Müşahidə Şurası tərəfindən qurumun strateji inkişaf məqsədlərinə uyğun fəaliyyətin davam etdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı qərarlar qəbul olunub.
Qeyd edək ki, AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.