icon Bütün xəbərlər

Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb

Paylaş
img

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC 30 avqust 2025-ci il tarixindən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.

32 ildən sonra Qarabağa doğru hərəkət edən qatar tam doluluqla Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinə çatıb.

Bakı–Ağdam–Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə dəstək verəcək.

Qeyd edək ki, Bakı–Ağdam–Bakı qatarı hər şənbə günü saat 07:10-da Bakıdan Ağdama və 18:20-də Ağdamdan Bakıya yola düşür. Komfortlu səfərlərin təşkili məqsədilə işğaldan azad edilmiş ərazilərə giriş icazəsi avtomatik təmin olunur. Səfərlər İsveçrənin “Stadler” şirkətinin istehsalı olan müasir “FLIRT” qatarı ilə həyata keçirilir.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

img
img