icon Bütün xəbərlər

İctimai nəqliyyat tarixində rekord maliyyələşmə: Bakı metrosuna 180 milyon dollar kredit ayrıldı

Paylaş
img

Bakı Metropoliteninin genişləndirilməsi istiqamətində mühüm mərhələyə start verilib. AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin birinci mərhələsinin maliyyələşdirilməsi məqsədilə 180 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

Bu, Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna ayrılan ən böyük beynəlxalq kredit olmaqla yanaşı, ölkənin nəqliyyat infrastrukturunun inkişafı sahəsində son illərin ən əhəmiyyətli maliyyə layihələrindən biridir.

İmzalanmış sazişlər Bakı Metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın əsaslı şəkildə modernləşdirilməsi nəzərdə tutulur.

Kredit vəsaitinin cəlb olunması məqsədilə beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq geniş hazırlıq işləri həyata keçirilib. Layihə üzrə bütün texniki sənədlər hazırlanıb, hərtərəfli ekoloji və sosial qiymətləndirmələr aparılıb, texniki-iqtisadi əsaslandırma işlənib və nəticədə layihə AİİB-in İdarə Heyəti tərəfindən təsdiq edilib. Bu qərar layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlılıq prinsiplərinə tam uyğun olduğunu təsdiqləyir.

“Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi AİİB və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi daha geniş metro genişlənmə proqramının başlanğıcını təşkil edir. Bu əməkdaşlıq beynəlxalq maliyyə institutlarının Azərbaycanın strateji nəqliyyat layihələrinə göstərdiyi etimadın növbəti göstəricisidir.

Xatırladaq ki, 1967-ci ildən fəaliyyət göstərən Bakı Metropoliteni hazırda 3 xətt, 27 stansiya və 40,7 kilometr uzunluğunda istismar olunan yol şəbəkəsi ilə paytaxtın əsas ictimai nəqliyyat sistemlərindən biridir. 2024-cü ildə metrodan 230 milyon sərnişin istifadə edib,belə ki, sentyabr ayının 16-da 898 mindən çox sərnişin daşınmaqla tarixi rekord qeydə alınıb. Mövcud artım dinamikası nəzərə alınmaqla 2035-ci ilədək gündəlik sərnişin sayının təxminən 1 milyona çatacağı proqnozlaşdırılır.

Bakı Metropoliteninin genişləndirilməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2025 – 2030-cu illərdə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Proqrama əsasən, 2030-cu ilədək metro şəbəkəsinin təxminən 20 kilometr yeni yol və 10 yeni stansiya hesabına genişləndirilməsi, bu istiqamətə ümumilikdə 2,5 milyard ABŞ dollarına yaxın investisiyanın yönəldilməsi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi şəhər sakinləri üçün daha təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyat imkanları yaradacaq, avtomobil nəqliyyatından metroya keçidi təşviq etməklə nəqliyyat sektorunda emissiyaların azaldılmasına və Azərbaycanın iqlim öhdəliklərinin yerinə yetirilməsinə mühüm töhfə verəcək.

img
img
img
img