“Rəqəmsal körpü” Təcrübə Proqramının açılışı baş tutub
AZCON Holding tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal körpü” Təcrübə Proqramının açılışı olub.
İnformasiya texnologiyaları sahəsində kadr hazırlığının ölkəmizdəki rəqəmsal arxitekturanın inkişafındakı önəmini özündə ehtiva edən bu proqram gənclərə öz ixtisasları üzrə peşəkarlıq səviyyəsinin artırılması imkanı yaratmaqla rəqəmsal transformasiya istiqamətində insan kapitalının formalaşmasını hədəfləyir.
Tədbirdə proqramın əhəmiyyəti ilə bağlı çıxışlar edilib, məqsəd və proqram strukturu haqqında ətraflı məlumatlar təqdim olunub.
Qeyd edək ki, ümumilikdə 1000 nəfərdən çox müraciət arasından seçim mərhələlərini uğurla tamamlayan 110 tələbə proqram iştirakçısı kimi müəyyənləşdirilib. Seçilmiş tələbələrə 14 müxtəlif şirkətdə təcrübə proqramına cəlb olunaraq real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradılıb.
2026-cı ilin fevral – may aylarını əhatə edəcək proqram iştirakçılara müvafiq sahə üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, onların bilik və bacarıqlarından yararlanmaq, həmçinin peşəkar iş mühitini yaxından tanımaq fürsəti yaradacaq.
Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.